Yetim Seyid
Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb.
Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur.
BAYRAMIDI
Bahar fəsli yaz ayları gələndə,
Sanarsan bülbülün gül bayramıdı.
İki sevgi bir araya gələndə,
Dodaq busə içər, dil bayramıdı.
Bülbül təki daldan-dala qonanda,
Şirin canım eşq oduna yananda,
Bir saatım yardan ayrı qalanda,
Elə bilginən ki, il bayramıdı.
Yetim Seyid bu dastanı deyəndə,
Sallanıban nazlı yarı gələndə,
Gözüm görüb, əlim ələ dəyəndə,
Könül müjdə verir, el bayramıdı.
ŞİRİNDİ
Bir gözəl görmüşəm əsrik əlində,
Tər, nazik əllərdə saqi şirindi,
Camalın bənzətdim şəmsü-qəmərə,
Baxdıqca qaşların tağı şirindi.